BAKIDAN GƏLƏN TƏKLİFLƏR
Reklam
Nazım EKBEROV

Nazım EKBEROV

[email protected]

BAKIDAN GƏLƏN TƏKLİFLƏR

18 Mart 2024 - 19:28

Möhtərəm oxucularıma bildirmək istəyirəm ki, on beş ilə yaxın müddət ərzində Azərbaycanın məşhur xeyriyyəçi milyonçusu Hacı Zeynalabidin Tağıyevin həyatına, fəaliyyətinə həsr etdiyim “Pərvanə ömrü” adı altında yazdığım tarixi roman-trilogiyanı bitirmək üzrəyəm. Trilogiyanın birinci kitabı – böyük Füzulimizin bir qəzəlindən iqtibasla “Düşmən qəvi, tale zəbun” adlandırmış, kitabın birinci cildi nəşr edilmiş, oxuculara təqdim edilmiş, ikinci cildi çap olunmaq ərəfəsindədir.
Trilogiyanın ikinci kitabı rus imperiyasının işğalı altında olan Şimali Azərbaycanda Zeynal Abidin Tağıyevin iş adamı kimi inkişafından, neft milyonçusuna çerilməsindən, ilk mətbu orqan olan “Əkinçi” qəzetinin nəşri, ilk teatrın təsis edilməsi, müsəlman qızlar, qadınar üçün təhsil müəssisəsi açmaq uğrunda mübarizəsindən bəhs edir. Buna görə də ikinci kitabın şərti adı Hüseyn Cavid əfəndinin bir şeirindən iqtibas etdiyim misradan götürülmüşdür: “Qadın gülərsə...”.
Nəhayət, üçüncü kitab 1901-1924-cü illərdə Bakıda, Qafqazda və onun ətrafında baş verən hadisələrdən bəhs edir, “Dərdsizsinizsə, dərd sizsiniz” adlanır. Burada Zeynalabidin Tağıyevin Qurani-Kərimi Qafqaz türkcəsinə çevirtdirib nəşr etdirməsi, onun bir nüsxəsini də Sultan II Əbdülhəmidə göndərməsi işıqlandırılmağa çalışılmşdır.
Hacı Zeynalabdin Tağıyevin elçisi sifəti ilə İstanbula Sultanla görüşə gəlmiş Yusif Ziya bir başqa ziyalı Cəlal Ünsizadənin yardımı ilə Sultan – Xəlifə II Əbdülhəmidə Hacı Zeynalabdin Tağıyevin tərcümə etdirib çap etdirdiyi üç cildlik Qurani-Kərim təfsirini təqdim edir. Sultan hədiyyəni məmnuniyyətlə qəbul edir və qonaqlarının şərəfinə ziyafət verir. Ziyafətdən sonra Yusif Ziya bəy Hacı Zeynalabdin Tağıyevin Osmanlı padşahından etdiyi xahişi də çatdırır. Yeri gəlmişkən, bu xahiş yazıçı təxəyyülünün məhsulu deyildir, tarixi sənədlərə əsaslanan hadisədir. Hacının xahişi o dövr üçün və günümüz baxımından çox strateji əhəmiyətə malik idi və mən bu səhnəni möhtərəm oxucularıma təqdim etmək istəyirəm.
* * *
BAKIDAN GƏLƏN TƏKLİFLƏR
 

...Yeməkdən sonra çay süfrəsi açıldı və sultan II Əbdülhəmid qonaqlarına söz verdi.
Yusif bəy sultanın ona xitabından həyəcanlanmışdı. Ancaq özünü tez ələ ala bildi, cibindən Zeynalabdin Tağıyevin yazdırdığı qeydlər olan kiçik dəftərçəni çıxarıb açdı, oxumağa icazə istəyirmişcəsinə sultana baxdı. Sultan bütün diqqətini ona vermiş, dinləyirdi. Yusif Ziya sözə başladı.
- Hünkarım, müsaidənizlə Hacının təkliflərini bir neçə parçadan ibarət təqdim etmək istəyirəm,-deyə sözə başladı: - Bunlardan birincisi Qafqaz müsəlmanları üçün açılan məktəblərdə və mədrəsələrdə türkcənin rəsmi dil olaraq tətbiq edilməsidir.
Məlumdur ki, indiyə qədər Qafqaz türkləri yazışmalarında yalnız farscadan istifadə etmişlər. Bundan sonra farscanın yerinə ana dilimiz olan türkcənin istifadə edilməsi və genişləndirilməsi lazımdır. Bunun üçün də işin təməli məktəbdən, mədrəsədən qoyulmalıdır. Belə qərara gəlmişik ki, məktəb kitablarımızın, məktublaşmalrımızın türkcə ilə yazılması lazımdır.
Yusif bəy şərh etdiyi fikrin daha yaxşı başa düşülməsi üçün əlavə izahat vermək ehtiyacı hiss etdi və əlavə etdi.
- “Yazılmalıdır,” deyirik, eyni zamanda işin nə qədər çətin olduğunun da fərqindəyik. Bizim bu sahədə apardığımız məşvərətlərdən sonra gəldiyimiz nəticə bundan ibarətdir ki, biz təkbaşına bu işin öhdəsindən gələ bilməyəcəyik. Bunu həll etməmiz üçün kifayət qədər təcrübəli mütəxəssisisimiz yoxdur. Ona görə də  məktəblərimizin müfrədatlarının ortaq olması lazım gəlir, üstəlik, dərs kitablarımızın da ortaq  müfrədata müvafiq tərtib edilməsi gərəkir.
Yusif Ziya sözlərinə ara verdi, Sultanın bu təklifi necə qarşıladığını, nə deyəcəyini gözlədi. Sultan isə danışmırdı, diqqətlə qonağı dinləyirdi. Salonda ağır bir sükut hökm sürürdü. Yusif Ziya Sultanın susduğunu görüb sözünə davam etdi.
- Bunlarla yanaşı, Hacının bir böyük təvəqqesi də var ki, bu da türkcəyə vaqif olan müəllim və məktəb rəhbərləri sahəsində olan boşluğun doldurulmasına yardım göstərməniz barədədir. Məktəb açmaq üçün müəllim lazımdır, lakin tələb olunan qədər müəllimimiz yoxdur. Əlimizdə olan müəllimlər də rusca təhsil görənlərdir ki, bunlarla məqsədə varmaq mümkün görünmür. Buna görə də Hacı xahiş edir ki, münasib bildiyiniz məktəb müdirləri və müəllimlərinizi Qafqaza, Bakıya göndərəsiniz.
Yusif Ziya yenə sözünə ara verdi, başını qeydlərindən qaldırıb Sultana baxdı. Sultan Əbdülhəmid ciddiyyətlə çatılmış qaşlarının altından qonağına baxır, onun sözünü bitirməsini gözləyirdi. Siltanın baxışlarında bir ümid, bir maraq görürdü Yusif Ziya. Kömək gözləyirmiş kimi dönüb Cəlal Ünsizadəyə baxdı. Cəlal bəyin də üzündə məmnun ifadə var idi. Yusif Ziyanın gətirdiyi təkliflərdən xoşu gəldiyi bəlli idi. Cəlal bəy Yusif Ziyaya qaş-göz işarəsi ilə təklifləri oxumağa davam etmək işarəsi verdi. Yusif Ziya tabe oldu və sözünə davam etdi.
- Zati-Dövlətləri! Bu sahədə sonuncu xahişimiz: dini kitabların və təfsirlərin, peyğəmbərimizin - əleyhissalatu və səlləmin - hədisləri, əxlaqi kitablar və bu mövzuda yararlı nəşrlərinizi Qafqaza da göndərməniz. Hacı buyurur ki, bütün bunların çox asan olduğunu düşünmürük, amma bunlarsız da insan yetidirməyin mümkün olmadığı da aşkardır və bütün bunlar üçün yardımıznıza ümid edirik.
Sultan II Əbdülhəmid Yusif bəyin sözlünü kəsmir, bütün təklifləri diqqətlə dinləyirdi. Yusif bəyin sözünü bitirdiyini görüb maarif naziri İbrahim Haqqı Paşaya[1] müraciət etdi.
- İbrahim paşa, möhtərəm Hacı Zeynal Abidin bəyin bu təklifləri haqqında fikriniz nədir?
İbrahim paşa Yusif bəyi diqqətlə dinləmişdi. Fikrini bildirmək üçün çox düşünmədi.
- Hünkarım, Yusif bəy əfəndilərini diqqətlə və həyəcanla dinlədim. Hacı Zeynalabidin əfəndi çox maraqlı və həyati əhəmiyyə malik dəyərli təkliflər irəli sürür. Bu təkliflər Qafqaz müsəlmanlarının həyatını inqilabi şəkildə dəyişdirəcək bir planın təzahürüdür. Bunların həyata keçirilməsi, xariciyyə nazirimizin də əfvinə sığınaraq ifadə etmək istəyirəm ki, Dövləti-Aliyeyi-Osmaniyənin Qafqazda təkrar güclənməsinə səbəb ola biləcək qədər əhəmiyyətlidir. Zati-Dövlətlərinizin izni ilə bu təkliflər əsasında fəaliyyət xəttimizə dair plan-proqram işləməyi öhdəmizə götürürük.
Sultan II Əbdülhəmid maarif nazirinə təşəkkür edib üzünü xarici işlər nazirinə tutdu.
- Əhməd Tövfiq Paşa, sizin bu barədə düşüncələriniz nələrdir?-deyə soruşdu və onun verəcəyi cavabı gözləmədən yenə Yusif bəyə dönüb əlavə etdi: - Əhməd Tövfiq Paşa Kırım türkü Ferik İsmayıl Haqqı Paşanın oğludur. Əhməd Tövfiq Paşa da rəhmətlik atası kimi dövlətə sədaqətini isbat etmişdir və buna görə də xarici siyasətimiz ona tapşırılmışdır.
Yusif bəy Əhməd Tövfiq Paşa haqqında məlumatlı idi. Onun Afinada səfirlikfə işlədiyi zaman bir diplomat ailəsinin uşaqlarına mürəbbiyəlik edən İsviçrəli bir kənd polisinin qızı Elisabet Çumi ilə evləndiyini bilirdi. Məhz arvadının xristian ölkədən olmasına görə də ondan ərz etdiyi məsələlərə dair müsbət fikir ala biləcəyinə ümidi az idi. Lakin səhv düşünmüşdü. Əhməd Tövfiq Paşa bu təklifi bəyəndiyini deməklə qalmadı, əlavə təkliflər də verdi.
- Hünkarım, Hacı Zeynal Abidin bəyin elçisini diqqətlə dinlədim. Bu təkliflər dövləti aliyəmizin xarici siyasətinə xidmət edəcək təkliflərdir. Xüsusən, məktəblərdə türkcə tədrisata keçilməsi məsələsi bizi də narahat edir. Keçən il Bakıda müsəlman müəllimlərin qurultaya toplandıqları və rus-tatar adlı məktəblərdə ana dilində danışmaq barədə dövlətə müraciət etdiklərini, fəqət bu təklifin müzakirəyə açılmadan geri çerildiyini biz də eşitmişdik. Hacı Zeynalabdin Tağıyev əfəndinin bu və digər təkliflərini həyata keçirmək üçün hörmətli maarif nazirimizlə istişarə edib zati-dövlətlərinizə təkliflər təqdim edəcəyimizdən əmin ola bilərsiniz.
Sultan II Əbdülhəmid hər iki nazirindən aldığı cavablardan məmnun idi və bu məmnunluğu ifadə edən təbəssümlə üzünü Yusif bəyə tutdu, ona müraciət etdi.
- Nazirlərimiz bu sahədə öhdələrinə düşəni edəcəklər. Əminəm ki, bu təkliflər üzrə böyük işlər görmək imkanımız olacaqdır. Möhtərəm Hacı Zeynala Abidin bəyin digər təklifləri nələrdir?
Yusif bəy əlindəki qeydlərə bir də nəzər salıb Sultana müraciət etdi.
- Sultanım, möhtərəm xarici işlər nazirinin məsələyə müdaxil olmasından istifadə edərək daha iki xahişimizi ərz etmək istəyirəm,-deyib, icazə istərcəsinə Sultana baxdı.
Sultan yenə təbəssümlü baxışları ilə Yuisif bəyə müraciət etdi.
- Buyursunlar.
Yusif bəy sevincindən az qala qanad açıb uçurdu. Sultanın onlara qarşı belə isti münasibəti onu ruhlandırmışdı. Bu əhval-ruhiyyə ilə sözünə davam etdi.
- Bunlardan birincisi: Hacı ermənilərin ruslarla, avropalılarla işbirliyinə girib Qafqaz müsəlmanlarına qarşı soyqırım siyasəti apardıqlarından və bu siyasəti davam etdirmələrindən çox narahatdır. Bakının və Qafqaz müsəlmanlarının ümumi fikrini ifadə edərək təklif edir ki, mərkəzi idarəsi Bolqarıstanın Varna şəhəri ilə İranın Urmiyə şəhərlərində yerləşən Erməni-Amerikan və Erməni-Protestan Komitələri Qafqaz və Azərbaycan türklərini xilafət məqamına bağlılıqdan və müqəddəs qayə olan İslam ittihadından uzaqlaşdırmaq üçün ərəbcə, türkcə, farsca və kürdcəyə vaqif olan ermənilər Qafqaza zərərli  nəşriyyatlar soxurlar. Bunları dərhal təsirsiz hala gətirmək və Qafqaz müsəlmanlarına təsirini  qarşısını almaq üçün bizim də müvafiq nəşr işlərinə diqqəti artırmamız lazım gəlir. Bu sahədə bizə nə kimi yardımlarınız ola bilər?
İkincisi: Qafqazdan İrana, Misirə və Avropaya fərarilik edib, oralarda qəbul edilməyən şəxslərin bir daha  Qafqaza dönmələrinə izin verilməməsi Hacının son xahişidir. Bu adamlar geri dönərkən ya gəldikləri ölkəyə casusluq edirlər, ya da başqa yollarla müsəlmanlara əziyyət edirlər.
Sultan yenə Əhməd Tövfiq Paşaya baxdı.
- Paşam, nə deyirsiniz, Hacının bu təkliflərinə nə cavab verə biləcəyik?
Əhməd Tövfiq Paşa Sultana təzim edərək:
- Hünkarım, bu məslələr bizim də diqqətimizdədir. Lakin Hacı bəyin bunları xatırlatması bizim bu işə daha sıx sarılmamızı sürətləndirmiş oldu. Buna görə də Hacıya təşəkkür edirik, zati-dövlətlərinizin də izni ilə dərhal bunların həllinə başlamaq istəyirik.
- Başlayın, paşam, başlayın. Qafqazı əlimizdə saxlamaq üçün vaxtında lazımi tədbir görə bilmədik, Krımın ardınca Qafqazı da itirdik. Barı oradakı müsəlmanlara əl uzadaq.
Yusif bəy Bakıya geri dönərkən xeyli məmnun olsa da, vidalaşıb ayrılarkən xəlifənin bəzi gileylərindən də pərt olmuşdu. Sultan nə qədər “Füyuzat” məcmuəsinin adını çəkməsə də haqqında yazılan tənqid və həqarətləri nəzərə verəndə Yusif də öz payını götürmüşdü.
“Sən bir bu boyda padşahın, İslam xəlifəsinin böyüklüyünə bax ki, mənim dərc etdiyim məcmuədə onun haqqında yazılan tənqidləri bilə-bilə məni qəbul etdi, üstəlik, şam yeməyinə də dəvət etdi. Yox, mən onun bu hərəkətinə qarşı cavab olacaq bir hərəkət etməliyəm. Hələ Hacı bunu eşitsə, nə deyəcək?-deyə düşünürdü.
 
Möhtərəm oxucularım! Burada sözlərmə ara verməyə məcburam. Dualarınzla roman-trilogiyanın tezliklə nəşr olunub sizlərə təhvil verilməsinə ümid edirəm.

Hörmətlə: Nazim Əkbərov, taqaüddə olan pedaqoq-publisist.
 
 
[1] İbrahim Haqqı Paşa (d. 1863, İstanbul - ö. 29 iyul 1918, BerlinV. Mehmed səltənətində 12 yanvar 1910 - 30 sentyabr 1911-ci il tarixləri arasında bir il 8 ay 19 gün sədr-azamlıq etmiş Osmanlı dövlət adamıdır.
Məşrutiyyət illərində Maarif və Daxiliyyə Nazırləri olmuş İbrahim Haqqı Paşa 1910-cu ildə sədr-azamlıqla yanaşı Hariciyə və Arxitektura Nəzarətlərini də daşımışdır; 
Trablusqərb döyüşləri sırasında istifa etmiştir. Dövlət vəzifələrində olarkən qələmə müxtəlif mövzularda dərs kitabları da almışdır.
 

Bu yazı 172 defa okunmuştur .