HAFİZƏMDƏ QALAN BİR KİÇİK HEKAYƏ
Reklam
Nazım EKBEROV

Nazım EKBEROV

[email protected]

HAFİZƏMDƏ QALAN BİR KİÇİK HEKAYƏ

23 Mart 2024 - 14:20



Deyirəm, bu dəfə mövzunu dəyişim, əxlaqdan danışım. Çünki əxlaq insanı adam edir, əxlaqsızlıq da insanı heyvandan daha aşağı edir.

Çoxdan oxuduğum, həm də dəfələrlə oxuyub əzbərlədiyim bir hekayə var. Bu hekayəni o qədər xoşlayıram ki, onu yeri gəldikcə başqalarına da həvəslə danışıram. İstəyirsiniz, sizə də danışım.

Bu hadisə bəlkə 110 il əvvəl, Çar Rusiyası dövründə baş verib. Bir gün bir məktəbdə imtahan keçiriləcəkmiş. İmtahandan əvvəl quberniya (və ya qəza, tam xatırlamıram) maarif idarəsindən müfəttiş gəlir. Gəlir ki, imtahanlara hazırlığın vəziyyətini öyrənsin. Məktəbin müdirinə imtahanda soruşulacaq sualları gətirməsini əmr eir. Müdir əmrə tabe olur, dərhal suallar yazılmış vərəqləri gətirib müfətişin qarşısında əyləşir.

- Birinci sualı oxuyun!-deyə müfəttiş əmr edir.

- Birinci sualımız vətən haqqındadır, cənab müfəttiş,-deyə müdir qürur hissi ilə cavab verir.

Bunu eşidən müfəttişin qaşları çatılır, üzünün rəngi dəyişir, qəzəblə etiraz edir.

- Ay kişi, sən nə danışırsan? Belə də sual olar? Vətən!

Müdir mat-mat müfəttişə baxır. Müfəttişsə eyni tərzdə sözünə davam edir.

- Ay müdir, vətən dediyin bu ölkədə inqilabçılar hökumətə meydan oxuyur, “Bu vətən bizimdir,” deyirlər. İndi bu həngamədə sən də vətən deyirsən. İstəyirsiniz ki, gəlib dərimzə saman təpsinlər? Dərhal sil o sualı!

Müdir çarəsiz, sualın üstündən xətt çəkir.

- İkinci sualı oxuyun, görək!-deyə narazılığını gizlətməyən müfəttiş özünü soyuqqanlı aparmağa çalışır.

- İkinci sualımız, cənab müfəttiş, ikinci sualımız millətdir...

Müfəttiş müdirin sözünü bitirməsini gözləmədən yenə bağırır.

- Ay başına dönüm, məgər görmürsən, xəbərin yoxdurmu ki, İranla Osmanlı dayanıb ağız-ağıza, biri o birinə qan-qan deyir, sən başlamısan millət... millət... Dərhal sil o sualı.

Biçarə müdir bu sualın üstündən də xətt çəkir.

- Üçüncü sualınız...

Bu qayda ilə müdir hansı sualı oxuyursa, müfəttiş qəzəblənib onu sildirir.

- Yenə sual varmı?-deyə müfəttiş narazı halda müdirə baxıb soruşur.

Biçarə müdir əlindəki vərəqi havada yelləyir.

- Qaldı, bir sual da var, amma bu sual da sizin xoşunuza gəlməz.

- Sən oxu, oxu,-deyə müfəttiş israrla tələb edir.

Müdir çarəsiz son sualı da oxuyur.

- Cənab müfəttiş, bu sual tülkü barəsindədir...

- Tülkü? Maraqlıdır, oxu görək,-deyə müfəttiş diqqətlə müdirə baxır.

Müdir qorxa-qorxa oxumağa başlayır:

- Tülkü girdi bağa

Baxdı həm sola, həm sağa.

Gördü ki, üzüm saralıbdır

Konsulun bığları əcəb qaralıbdır.

Müfəttiş sevinc içərisində ayağa qalxır, müdiri təbrik edir.

- Ay sağ ol! Bax belə! Çox gözəl. Belə suallardan çox verin, qoy millət oxusun, feyziyab olsun.

 

Mən çoxdan, bəlkə son dəfə əlli il əvvəl oxuduğum bu hekayəni yaddaşımda qalan şəkildə yazdım. Hekayənin orijinalında bir sıra fərqliliklər ola bilər. Amma nəticə eynidir. Məsuliyyətdən qaçmaq, “yuxarılardan” gələ biləcək qəzəbdən qorunmaq hissi. Sırf şəxsi mənfəəti ümummilli, ümumdövlət mənfəətindən üstün tutmaq, məktəbə gəldikdə, öz şəxsi mənfəəti naminə özündən sonra gələn nəsli qurban vermək, xalqı qurban vermək hissi. Xalqı kütləşdirmək bahasına öz qazancını, tutduğu vəzifəni itirməmək hərisliyi.

Bu təkcə bizim məmləkətin insanlarına aid xislətdirmi? Yox, əlbəttə yox. Dünyanın hər yeridə bu cür adamlara rast gəlmək olur. Bir yerdə az, başqa bir yerdə çox, amma hər yerdə var. Belələrinin çoxluq təşkil etdiyi yerdə isə xalqın inkişafından, tərəqqisindən, bir sözlə, ümidverici gələcəyindən yaxşı bir şey gözləmək olmaz.  Məsələ də elə budur. Əgər İNSAN, ADAM olmaq, vətənə, millətə faydalı bir vətəndaş olaraq yaşamaq istəyiriksə, ilk növbədə içimizdəki hiss və duyğulardan necə və nə üçün istifadə etdiyimizə baxmalıyıq.

Gözəl şairimiz Mirzə Ələkbər Sabir də 115 il əvvəl yaddaşımda qalan bu hekayədəki fikri satirik qələmlə belə ifadə edirdi:

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!

Və sair, və ilaxır... Gələn görüşlərədək, əziz oxucularım.

 

Hörmətlə: Nazim Əkbərov, təqaüdçü pedaqoq-publisist.

Bu yazı 312 defa okunmuştur .

YORUMLAR

  • 1 Yorum
  • Manisadan
    1 ay önce
    Gönlünüze sağlık… Enfes ifadeler…