BİR ƏSGƏR MƏZARI
Reklam
Nazım EKBEROV

Nazım EKBEROV

[email protected]

BİR ƏSGƏR MƏZARI

16 Nisan 2024 - 13:05


Doğulduğum şəhərdə Böyük bağ deyilən bir park var. Mənim uşaqlıq dovrümdə yaşlı adamlar bu parka Padşahlıq bağı da deyərdilər, çünki bu park İrəvan – Culfa dəmiryolunun açılışına gələn yüksək rütbəli şəxslərin şərəfinə, II Nikolayin adına salınıbmış.
Bağın Cənub-Qərb tərəfi üzü Ağrı dağınadır. Buradan Böyük Ağrı, onun qarşısında da Kiçik Ağrı bütün əzəməti ilə görünür. O illərdə burada oturub saatlarla Ağrını seyr edərdim.
Qərbdən Cənuba doğru isə Araz çayı boyunca İran sərhəddi, sərhədi ayıran Araz çayının bəndə gorə şişmiş, gölə çevrilmiş mənzərəsi, İran tərəfdəki ovalıq və dağlar görünür. 
Möhtəşəm mənzərədir. Xüsusən yay fəslində Günəş Ağrı dağının arxasında qürub edərkən və imsaq vaxtı dağı seyr etmək bir başqa olur. İmsaq vaxtı qaranlıq səmada, əvvəlcə, iki əyri ağ xətlər görünür. İlk baxışda buludlara bənzəyir. Amma deyil. Hava işıqlandıqca yavaş-yavaş Ağrı dağının konturları görünməyə başlayır və... o ağ rəngli əyri cizgilərin əslində dağın zirvəsindəki qar olduğu anlaşılır. 
Böyük bağdan bu mənzərəni bir də qürub vaxtı seyr edəcəksən. Dağın arxasında batmağa doğru əyilən Günəş dağa elə bir görünüş verir ki, sanki o qocaman Ağrı dağı nəhəng bir alov içərisində dayanmış, hər şeyə meydan oxuyur.
Mən məktəblı olduğun o illərdə - kecən əsrin 60-cı illərində Böyük bağın bu mənzərəyə açılan hissəsində yamyaşıl otlar icərisində qəhvə rəngində bir mərmər daş var idi. Daşın üzərində ərəb əlifbası ilə nəsə yazılmışdı. Bir də ay-ulduz rəsmi var idi. İzun illərin baxımsızlığı bu daşı elə hala salmışdı ki, onun nə üçün burada olduğu, nə kimi bir əhəmiyyət kəsb etdiyi anlaşılmırdı. Hər halda mənim kimi ali təhsil almağa hazırlaşan gənclər üçün bu daş belə idi.
Bu nə daş idi, buraya kim gətirmişdi? Bu suallar o zaman məni düşündürmürdü. Düşünsəydim belə, qəlbimdən gələn suallara cavab tapa bilməyəcəkdim. Daha çox diqqəti cəlb edən həmin daşdan beş-altı addımlıqda 17-lər və 32-lər deyilən məzarlıq idi. Bunlar XX əsrin 30-cu illərində Naxçıvanda sovet hökuməti əleyhinə mübarizəyə qalxmış xalq hərəkatını yatırtmaq üçün gələn və döyüşlərdə öldürülən rus əsgərlərinin məzarları idi. Bu məzarlar sovet dovrundə müqəddəs ziyarətgah sayılırdı, əsgərlər burada and içir, yeniyetmələr və uşaqlar burada Gənc Leninçi olmağa, gənc kommunist olmağa qəbul edilirdilər. Və bunların arxasinda yüksək otların arasında gizli qalan o mərmər daşdan çoxları bixəbər idi. 
Bilənlər varmış, bunu sonra öyrəndim. Varmış, amma kimsə səsini çıxarıb bu barədə söz demək istəmir, ağrımayan başına duz bağlamağı arzu etmirdi.
O möhtəşəm Ağrı dağı, Böyük bağdakı o qəhvəyi mərmər daş arasında bir əlaqə varmış və bu əlaqəni SSRİ dağildıqdan sonra ixtiyar Lətif müallim Huseynzadənin xatirə yazısı açdı. Sən demə o qəhvəyi rəngli mərmər daş 1918-ci ildə Naxçıvanı erməni millətci-terrorçu hücumundan, soyqırımından qoruymaq üçün dəvət olunan türk ordusunun zabitlərindən birinə aid qəbirüstü başdaşı imiş. Osmanlı ordusu rərəfindən məğlub edilən və qaçmağa məcbur olan, əslən Giresun ermənisi olan rus generalı Andronik Ozanyanın daşnak dəstələri Naxçıvan və Zəngəzuru müsəlmanlardan təmizləmək, Böyük Ermənistan quruculuğunu buradan başlatmaq üçün hərəkətə keçmişdi. Rus imperiyasının dəstəyi, daha sonra Leninin göstərişləri əsasında qırğını genişləndirən Andronik ordusundan musəlmanları xilas etmək üçün Kazım Qarabəkir paşanın ordusu Naxçivana koməyə gəlmişdi. Həmin məzar daşı da döyüsdə şəhid olan bir zabitə aid imiş. 1990-cı illərin sonunda həmin məzar Naxçıvanın Şəhidlər Məzarlığına köçürüldü.
Şəhid zabiti məhz Kazım Qarabəkir paşanın göstərişi ilə burada, Ağrı dağının göründüyü bu yüksəklikdə dəfn ediblərmiş.
-    Biz səni burada dəfn edib gedirik,-demiş Kazim paşa,-Səni Ağrı dağının bu möhtəşəm mənzərəsi ilə baş-başa buraxıb gedirik. Amma birdəfəlik getmirik. Biz yenə qayıdacağıq. Rahat uyu, qəhrəman, igid zabitimiz.
Andronikin quldur dəstəsinin necə dəhsətli qətllər törətdiyi bu gün sənədlərlə, şahid ifadələri ilə sübut olunsa da Qərb hələ də bunu ğörməməzlikdən gəlir, ustəlik, qondarma “erməni soyqirımı”na, dolayısı ilə Ermənistana sahib çıxırlar.
Məqsəd?
Çar Rusiyası Qafqazı işgal edərkən buraları itaətdə saxlamaqda çətinlik çəkirdi, adam çatışmırdı. Bir tərəfdən Rusiya imperiyasının aramsız apardığı müharibələr, bir tərəfdən torpaqdan gözü doymayan, Sibirə, Turkustana əl uzadan, bir tərəfdən də təhkimçilik (əslində, buna quldarlıq da deyə bilərik) rejimi, digər tərəfdən, sənaye istehsalına – kapitalizmə keçid insan qıtlığı əmələ gətirmişdı. Xalqı itaətdə saxlamaq üçün Qafqazda, xususən Bakıda və Azərbaycanda əlavə xristian əhaliyə ehtiyac var idi.
Rus İmperiyası məcburən İrandan və Osmanlı dovlətindən 90.000-dən çox ermənini Qafqaza köçürdü və köçürərkən də onlara “Dənizdən dənizə Böyük Ermənistan” qurmaq, Bakını onun paytaxtı etmək sözü verdi.
Yerli əhalini – müsəlman türkləri qorxudub buradan qaçırmaq, getməyənləri öldurmək, qırmaq üçün 1890-cı ildə Tiflisdə Daşnaksutyun terrorçu təşkilatını qurdu, onu silahlandırdı və həm Osmanlıya qarşı, həm Qafqaz turklərinə qarşı istifadə etdi.
1905-ci il qırğını bunun üçün idi. 1915-1918-ci il qırğını bunun ıçün idi. 1918-ci il  26-lar hökuməti, ardınca Sentrokaspi hokuməti və nəhayət,  bolşevik hökuməti bunun üçün idi. 30-cu illərin soyqırımı bunun üçün idi, azərbaycanlıları Qazaxstana köçürmək planı buna xidmət edəcəkdi, XX əsrin dəhsətli Qarabağ hadisələri, 1000000 azərbaycanlının öz doğma yurdlarindan qovulması bu məqsədə xidmət edirdi.
Düşmən qismən də olsa öz niyyətini həyata keçirə bildi – bu gün Ermənistan adlanan, keçmis İrəvan Xanlığının ərazisində bir nəfər olsun, azərbaycanlı qalmayıb. Otuz il erməni işğalı altında qalan çox böyük ərazidən də azərbaycanlı əhali qovulub çıxarılmışdı. Bu gün Qarabağ uenidən öz həqiqi sakinlərinə qovuşur.
Amma bütün bunlara baxmayaraq Kazım Qarabəkir paşanın verdiyi söz yerinə yetirildi. 2020-2023-cü illərdə Turkiyə-Azərbaycan dostluğu, qardaşlığı Dəmir Yumruq olub işğalçıların başına endi, iki yüz illik planı alt-üst etdi, Qarabağ azad edildi.
Bu gün Agrı dağının zirvəsi təkcə Naxçıvandan deyil, Xankəndidən, hətta Bakıdan belə bütün əzəməti ilə görünür və yanan ürəklərə sərin su səpir.

Bu yazı 345 defa okunmuştur .

YORUMLAR

  • 1 Yorum
  • DADAŞ ÜASIMOV
    1 hafta önce
    TƏBRİKLƏR NAZİM MƏLLİM GÖZƏL İBRƏTLİ XATİRƏLƏRDİ, GƏNC NƏSLİN EHTİYACI OLDUGU FİKİRLƏRİ PAYLAŞMAQ DA ELƏ İMANDANDI VƏ GƏRƏKLİDİR. 44 GÜNLÜK VƏ SON YEKUN FƏALİYYƏTİMİZ SON 200 İLLİK UGURSUZLUQLARIN DÖNÜŞ NÖKTƏSİDİR, BU TARİXİ DÖNÜŞ HƏLƏ ÇOOX BÖYÜK ARAŞDIRMALARA SƏBƏB OLACAQ. UGURLAR OLSUN.